Dəli bir ağlamaq keçir könlümdən + Nüsrət KƏSƏMƏNLİ


دوزلو اوغلان وبلاگلارینین یاخشی اولماقی اوچون آتیل باتیل فروشگاهین دان آلیش وئریش ائدین

Dəli bir ağlamaq keçir könlümdən…

Yüyürüb-yüyürüb dərə boyunca,

Düşüm çəmən üstə qoy, üzü quylu

Öpüm bu torpağı, öpüm doyunca,

Üzümə üz qoysun hər soyuq daşı.

Qoy, şehə qarışsın gözümün yaşı,

Qurumuş bulaqlar içir könlümdən

Dəli bir ağlamaq keçir könlümdən…

Könlünə dəydiyim, incitdiyim qız,

Vüqar kölgəsində yatdığım bəsdir

Odlu yanağından su içdiyim qız,

Bu qədər günaha batdığım bəsdir

Daha dodaqların titrəməsin qoy,

Mən sənin qarşında titrəyim, əsim

Səndən dünyaları istəmirəm yox,

Məni bağışlasan bəsimdir, bəsim!

Can desən, alışıb yana bilərəm,

Dön desən, yerimdə dona bilərəm

İndi bilmişəm ki ömür-gün gedir,

Ən gözəl hislərim köçür könlümdən

Qayıt!

Sən ömrümə təzəlik gətir

Dəli bir ağlamaq keçir könlümdən…

Çoxdandı qəbristana düşməyir yolum,

O tənha məzarı ot basıb bəlkə…

Mənim soyuqluğum, laqeydliyim,

Onun sinəsinə od basıb bəlkə…

Bir daş var gözümün yaşına həsrət,

Dayanıb o giley heykəli kimi

Əlim torpağına, daşına həsrət

Yıxılıb üstünə mən dəli kimi,

Ağlayam gərək!

O tənha məzarı torpaqdan üzüb,

Ovcumun içində saxlayam gərək!

Şöhrətin üstünə yüyürdükcə mən,

İstəklər, arzular köçür könlümdən

Sevgi dünyasına büründükcə mən,

Dəli bir ağlamaq keçir könlümdən…

Küləklər oynayır kənd evimizdə,

Taleh baş götürüb apardı məni

Hörümçək tor qurub pəncərəmizdə,

Həsrətim çırpınır o torda mənim

Yarasa boylanır uçur tavandan,

Bükülmüş dirəklər çat-çat olubdur

Qorxudan dıvarın bağrı yarılıb,

Qapılar çoxalıb dördqat olubdur.

Gedim, divarına yalvarım onun,

Gedim, qapıların qatı açılsın

Gedim, mən sonuncu dirəyi olum,

Tavanlar çinimə barı uçulsun

Daşı daş üstünə qoyum təzədən,

Dəlisov küləklər əsir könlümdən,

Elə kövrəlmişəm!

Bilmirəm nədən,

Dəli bir ağlamaq keçir könlümdən…

Nüsrət KƏSƏMƏNLİ

“MƏHƏBBƏTDƏN KÜSƏNDƏ”

Yazırıq sevgidən, yazırıq ancaq,
Elə sətirlərdə alışırıq biz.
Məhəbbət olubdur oyun-oyuncaq,
Hansı məhəbbətdən danışırıq biz...

Odlara qalanmaq ötəri hissdir,
Kəlmələr biçimli, sözlər biçimli.
Çoxları diplomsuz mütəxəsisdir,
Eh, ürək aldatmaq bir su içimi…

Sevimmi?! Tərəddüd qət edə bilmir,
Bəzən itiririk inam, ümüdi.
Ürək var, duyğular fəth edə bilmir ,
Ürək var, həndəsi fiqur kimidir…

Bir qəlbə girəndə boyalı sözlər,
Görən öz sözünü ürək dedimi?!
Axtarır, axtarır, axtarır gözlər;
İşləyən bir saat kəfkiri kimi…

Təbəssümlər saxta, söz qiymətlidir,
Yalanı yalanla alqışlayırlar.
Çoxları könüldən səxavətlidir,
Hər qıza bir könül bağışlayırlar…

Elə məhəbbətdən yazırıq ancaq,
Elə sətirlərdə alışırıq biz.
Məhəbbət olubdur oyun-oyuncaq,
Hansı məhəbbətdən danışırıq biz…

Nüsrət KƏSƏMƏNLİ

Əllərin əlimə dəyməyəydi kaş,
Saçların üzümə toxunmayaydı.
Gərək, əvvəlki tək sən, ürəyi daş,
Elə əvvəlki tək saymaz olaydın...

Bu istilik hardan, sanki, buz idin,
Qəlbimdən sən niyə ovcuma düşdün…
Sən, mənə əlçatmaz bir ulduz idin,
Göylərdən qolumun üstünə düşdün.

Bu da vüsal günü… Yox sevinmirəm,
İndi darıxıram, bəs nələr üçün?
Mənmi bu zirvəyə çıxdım, bilmirəm,
Yoxsa sən darıxdın dərələr üçün…

Dünənə yol yoxdur zaman apardı,
Təəssüf zamana çatarmı görən?
Daha sənə gələn yollar qurtardı,
Arzudan o yana yol varmı deyə.

Ötən günlərimə bir ümman dedim,
Boşalıb ürəyim, dolmur ki, dolmur.
Sahilə çatmışam, haraya gedim?
Dənizə məqsədsiz qayıtmaq olmur…

Nüsrət KƏSƏMƏNLİ.

Bir cavab yazın

Sistemə daxil olmaq üçün məlumatlarınızı daxil edin və ya ikonlardan birinə tıklayın:

WordPress.com Loqosu

WordPress.com hesabınızdan istifadə edərək şərh edirsinz. Çıxış / Dəyişdir )

Twitter rəsmi

Twitter hesabınızdan istifadə edərək şərh edirsinz. Çıxış / Dəyişdir )

Facebook fotosu

Facebook hesabınızdan istifadə edərək şərh edirsinz. Çıxış / Dəyişdir )

Google+ foto

Google+ hesabınızdan istifadə edərək şərh edirsinz. Çıxış / Dəyişdir )

%s qoşulma

%d bloqqer bunu bəyənir: