Ana şeirləri + gözəl Analar üçün şeirlər


دوزلو اوغلان وبلاگلارینین یاخشی اولماقی اوچون آتیل باتیل فروشگاهین دان آلیش وئریش ائدین

ANAMGİLDƏDİR

Şirinli-acılı ömür keçmişəm,
Yaxşını-yamanı görüb seçmişəm.
Evli-eşikliyəm, var işim-peşəm…
Uşaqlıq həsrəti anamgildədir.

Ürək ağrısına hey dözə-dözə,
Duranda nadanla bə’zən üz-üzə
Bir səs eşidirəm: “Oğul gəl bizə…”
Dizimin taqəti anamgildədir.

Neçə anaya da, anam anadır,
“Aləm bir yanadır, o bir yanadır.”
O açan süfrədə şor da bal dadır,
Ağzımın ləzzəti anamgildədir.

Gəlinin, yeznənin bilir yerini,
Çəkir qardaş-bacı dərdi-sərini.
Ərköyün böyüdür nəvələrini,
Hər kəsin qisməti, anamgildədir.

Qızına bilmirik oduna qazın:
Havası isinmir otağımızın.
İndi duyuram ki, ocağımızın
Közü-hərarəti anamgildədir.

Ömrün qar fəslidir, ağarıb saaçım,
Məni ata bilir, qardaşım, bacım,
Çətində mən kimin yanına qaçım?
Ata şan-şövkəti anamgildədir.

Qasım Qasımzadə

*********************

ANA

Təbriz kədərliydi, sən ağlayırdın,
Gecəydi biz səndən ayrılan zaman.
Pərişan görkəmin, o son sözlərin,
Bir an xatirimdən çıxmamış, inan.

Adını dilimə gətirəndə mən,
Sanki alov yaxır dodaqlarımı.
Yaxın gəl, yaxın gəl öpüm üzündən,
Öpüm rəngi qaçmış yanaqlarını.

Elə məlul-məlul baxma üzümə,
Baxışın qəlbimə od saçır, sənin.
Sən yalqız deyilsən, sıxma qəlbini,
Böyük bir xalqın var, böyük vətənin.

O xalqın, o elin qızısan, sən də
Onun qüdrəti də, şöhrəti də var.
Qəhrəman yurdumuz sarsılmamışdır,
Soyub talasa da onu yağılar.

Bilirəm, çox sıxır səni ayrılıq,
Əsarət dünyası başına dardır.
Lakin unutma ki, hər bir gecənin,
Min bir şüa saçan gündüzü vardır!

“Əlimdən nə gəlir?”, demə bir daha
Demə ki, qocayam, saçlarım düm ağ.
Vətən öz qəhrəman oğlu, qızını
Hər zaman, hər zaman gənc saxlayacaq.

Alnının xətləri, bəyaz saçların,
Keçmiş həyatından bir yadigardır.
Hörmət o saçlara, nifrət keçmişə:
Bu günün öz adı, mə’nası vardır!

Qalx ana, qalx ana, səni döyüşə
Çağıran öz qızın, öz vətənindir!
Bax, yanır odlarda Odlar Diyarı,
Bu vətən, bu torpaq, bu el sənindir!

Hökümə Billuri

******************

Ay ana
Ay köksü parça-parça, ay ürəyi yaralı,
Ay süsənli, sünbüllü, bənövşəli, lalalı,
“Ay Qüdrətdən səngərli, ay qüdrətdən qalalı”
Səngərlərin boş qaldı, qalaların virana,
Bizim kimi oğula bir layla de ay ana.

Gəlin qaya qan ağlar, Dəli Dağı dardadı,
Susub ceyran bulağı, Səməd Vurğun hardadı,
Tərtər suyu qan gəlir, yaman ahu zardadı,
Bu fəryad elə qopdu səs yayıldı cahana,
Bizim kimi oğula bir layla de ay ana.

Yerdən alov püskürdü, göydən gürşad ələndi,
Qəzəbindən Murovun zirvəsi silkələndi,
Günahsız cavan öldü… Torpaq qana bələndi,
Niyə bir nəfər kimi biz qalxmadıq üsyana,
Bizim kimi oğula bir layla de ay ana.

Kim deyir ki ölənlər, vədəsi çatdı, öldü,
Qızlarımız özünü qayadan atdı, öldü,
Neçə-neçə gəlinlər sularda batdı, öldü,
Yenə bizim səbrimiz niyə çatmadı sona?
Bizim kimi oğula bir layla de ay ana.

Sənə ana deməyə, haqqımız da yox bizim,
Olsun o haqqı-sayın sinəmizə ox bizim,
İldırımı, şimşəyi başımıza çax bizim,
Biz dayana bilmədik keşiyində mərdana,
Bizim kimi oğula bir layla de ay ana.

Vətən də unudulub, Vətən də atılarmı?
Vətən də yad torpağa, yad elə qatılarmı?
Vətən də alınarmı, Vətən də satılarmı?
Lənət səni satana, lənət səni alana,
Bizim kimi oğula bir layla de ay ana.

Belinə bel bağladıq, belimizi qıranın,
Qarşısında baş əydik başımızdan vuranın,
Başında baş olmadı başımızda duranın,
Nifrət belə tarixə, nifrət belə zamana,
Bizim kimi oğula bir layla de ay ana.

Bəhmən Vətənoğlu

***************************

ANA

Yazılan yazılıb, pozulmaz qəti,

Ay ana, yoxluğğun yollara yağır.

Taleyin şilləsi qılıncdan iti,

Taleyin yumruğu dağlardan ağır.

Hışqırsam dünyanı bürüyər kədər.

Gözümün yaşında əriyər gecə,

Qəbristan yolunda səhərə qədər,

Ağlayıb-ağlayıb, kiriyər gecə.

Sən soyuq bir məzar, mən donmuş bir səs,

Sükutun əlləri qılıncdır, ana!

Bu qoca dünya da tab edə bilməz,

Qəbristan yolunun ağırlığına.

Ay ana, ay ana, qoy deyim bunu,

Bircə yol ömrünün üzü gülməmiş.

Ana, ölümünün uzunluğunu,

Qanlı fələklər də ölçə bilməmiş.

Ölüm qəbristanda durub pərişan,

Əlini qoynuna qoyub deyinər.

Bir ana tabuta qoyulan zaman,

Allahın özü də qara geyinər.

Yox, ana, qovuşa bilmirəm sənə,

Qəbrin sinəmi yurd seçə bilməsə.

Bir ömür göz yaşı bəs etməz mənə,

Payızlar gözümə köçə bilməsə!..

Ənvər Əhməd

**********************


Bir Cavab

  1. DOGRUDANDA DUNYADA MARAZALI YASAYIR O BARAK OBAMANI SABAH OLDURECEK

Bir cavab yazın

Sistemə daxil olmaq üçün məlumatlarınızı daxil edin və ya ikonlardan birinə tıklayın:

WordPress.com Loqosu

WordPress.com hesabınızdan istifadə edərək şərh edirsinz. Çıxış / Dəyişdir )

Twitter rəsmi

Twitter hesabınızdan istifadə edərək şərh edirsinz. Çıxış / Dəyişdir )

Facebook fotosu

Facebook hesabınızdan istifadə edərək şərh edirsinz. Çıxış / Dəyişdir )

Google+ foto

Google+ hesabınızdan istifadə edərək şərh edirsinz. Çıxış / Dəyişdir )

%s qoşulma

%d bloqqer bunu bəyənir: